Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının twitter-də paylaşdığı status Azərbaycanda böyük rezonans doğurub və rəğbətlə qarşılanıb.
Sentyabrın 27-də ermənilərin Qarabağ cəbhəsində törətdikləri təxribatlardan sonra Azərbaycan tərəfin başlatdığı Vətən Müharibəsinə toxunan Bağçalı yazıb ki, baş verən hadisələrin fonunda Naxçıvan Muxtar Respublikasının Azərbaycana birləşməsi vacib şərtdir.
MHP lideri bunun tarixi zərirət olduğunu da qeyd edib: “Belə demək olarsa, ölüm-qalım məsələsidir. Naxçıvanın birləşməsi baş verərsə, tək səs, tək nəfəs, tək ürək olaraq zalıma və düşmənə qarşı mübarizə aparılacaq. Beləliklə, Azərbaycan haqlı və qanuni mübarizəsində daha güclü olacaq”.
Bu “tvit” azərbaycanlılar tərəfindən kütləvi şəkildə paylaşılır. Türkiyədə də MHP liderinin fikirləri gündəmin əsas mövzularından birinə çevrilib.
Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı və Laçını əhatə edir. Zəngəzurla Qarabağ əslində vahid bir coğrafiyadır və bu məsələ Azərbaycanın məsələsidir, Quzey Azərbaycanın bütövləşməsi, tamamlanması deməkdir.
VHP sədri, xalq şairi, deputat Sabir Rüstəmxanlı hesab edir ki, bu barədə danışmaq hələ tezdir: “Naxçıvan Azərbaycandan ayrı deyil. Bu ərazi əslində bu gün Azərbaycandan ayrı göründə də, Azərbaycanın xəritəsini göz önünə gətirəndə Azərbaycanın ortasındadır. Ondan o tərəfə İrəvan xanlığı və başqa ərazilərimiz var. Ermənilər belə təsəvvür yarada bilərlər ki, guya Naxçıvan onların ərazilərinin içərisindədir. Amma belə deyil, bu bizim ərazimizdir. Digər tərəfdən biz bu gün Qarabağı təmizləyirik, Azərbaycanın işğal edilmiş ərazilərini, vaxtı ilə muxtariyyat verdiyimiz Dağlıq Qarabağ ərazisi və oradakı yeddi rayonu azad etmək üçün əməliyyatlar aparırıq. Bu gün əsas diqqətimiz buna yönəlməlidir. Zəngəzur məsələsi məncə bu gün gündəmdə deyil. Baxmayaraq ki, Türkiyə mətbuatı və başqa yerlərdə bu müzakirə edilir. Biz beynəlxalq hüquq çərçivəsində bizə məxsus olan torpaqlarımızı azad edirik. Ona görə də, bu gün Zəngəzur məsələsini araya qatmaq məncə tezdir”.
Əslən Qərbi Azərbaycandan olan, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da fərqli düşünmür: “Zəngəzur məsələsi hər zaman bizim üçün aktualdır. Çünki bu tarixi torpaqlarımızdan biri kimi vaxtı ilə bolşeviklər tərəfindən alınaraq Ermənistana verilib. Əslində bunun faktiki olaraq Ermənistanda qalması üçün heç bir hüquqi əsası yoxdur. Bu baxımdan düşünürəm ki, bizim Ermənistanla münasibətlərimizdə bu məsələ hər zaman qarşımıza qoyduğumuz ən vacib məsələlərdən biri olacaqdır. Ümumi, ideoloji baxımdan bu gün düşüncələrimizdə aktualdır. Bu məsələnin həll edilməsi getdikcə daha da aktuallaşır. Mənə elə gəlir ki, biz erməniləri işğal edilmiş ərazilərimizdən qovub çıxarandan, Qarabağ və ətrafdakı rayonlarımızda suverenliyimizi təmin etdikdən sonra qarşımızda duran ən mühüm vəzifə məhz Naxçıvanla vətənimizin birləşməsi məsələsi olacaq. Bu istiqamətdə addımlarımızı atacağıq. Hadisələrin gedişi məndə belə bir təəssürat yaradır ki, bu müharibənin miqyası və coğrafiyası genişlənə bilər. Çünki faktiki olaraq, Ermənistan öz iyrənc, vandal və faşist siyasətini yerinə yetirməkdədir. Təkcə Qarabağ və ətrafdakı rayonları deyil, Azərbaycanın digər regionlarını da raket atəşinə tutmaqdadır. Bu əlbəttə adekvat addımlarla müşayiət olunacaqdır. Belə olarsa, eyni zamanda, Ermənistan bizi genişmiqyaslı müharibəyə cəlb etmək istəyərsə, cavabını yüksək səviyyədə alacaq. Həm də layiq olduğu cavabı alacaq. Bu baxımdan döyüşlərimiz məncə təkcə Qarabağ və Qarabağ ətrafındakı torpaqlarımızın azad edilməsi ilə deyil, eyni zamanda, Zəngəzurun da torpaqlarımıza qovuşması əməliyyatını apara bilərik. Bunun ayrı-ayrı elementləri özünü Ermənistanın davranışlarında göstərməkdədir. Biz bütövlükdə Ermənistanın təcavüzünün qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək, cəbhə bölgəsindən on kilometrlərlə kənarda olan yaşayış məntəqələrimizi, şəhərlərimizi, strateji obyektlərimizi qorumaq üçün düşmən ölkənin içərilərində müharibə aparmaq məcburiyyətində qala bilərik. Çünki bu artıq real görünür. Zəngəzur istiqamətində döyüşlərimizi apararaq, öz tarixi torpaqlarımızı ana vətənlə birləşdirə bilərik. Bura əslində iki yol var. Naxçıvandan keçərək Qədim Azərbaycan yurdu olan Qarakilsə (indiki Sisyan) ərazisindən Gorus və Laçına çıxmaq olar. Başqa bir istiqamətdən isə Ordubaddan keçərək Mehridən koridorumuzu açaraq, birbaşa Zəngilanla birləşə bilərik. Beləliklə, iki istiqamətdə Zəngəzur bütövlükdə Azərbaycanın ərazisinə daxil ola bilər, nəticədə böyük bir ərazi Azərbaycana birləşər. Bu artıq getdikcə aktuallığını ciddi şəkildə ortalığa qoyur. Dövlət Bağçalının da söyləmiş olduğu bu fikirlər tarixi həqiqətə söykənir, reallığı özündə ifadə edir. Onun bu çağırışını təsadüfi hesab etmək olmaz”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Elə məsələlər var ki, onu müəyyən zamanda hakimiyyətdə olanlar deyil, müxalifət də olanlar deməlidir. Müxalifət həm məsuliyyəti öz üzərinə çəkməli, həm də tarixi ədaləti bərpa etmək üçün millətə hədəflər verməlidir. Eyni zamanda da, reallıqlar nəzərə alınmalıdır. Düşünürəm ki, İlham Əliyevin masasının üzərində ilkin olaraq Qarabağı işğaldan azadetmə planı var və bunu uğurla həyata keçirir. Sonrakı planlarını zaman göstərəcək. Amma Azərbaycanda əksəriyyət sayın Dövlət Bağçalının təklifini, yəni Naxçıvanın ana Vətən Azərbaycana qovuşmasını, bütövləşməsi təklifini dəstəkləyir. O ərazilər, Zəngəzur onsuzda bizim dədə-baba torpaqlarımızdır və biz o torpaqları zamanı gələndə geri qaytaracağıq”.
Mənbə: http://cia.az/
No comments:
Post a Comment